12/22/2019

Murad Cəfərov - Bir Cüt Qanad


Yukle/Indir/Download


Keçmişini xatırlamayan bir qız... Dünyaya enən bir mələk... Cəhənnəmdən gələn bir Günahkar... Və amansız iblis ordusu... O, sonsuz əzaba məhkum edilmiş bir Günahkar idi. Və yalnızca verilən işi yerinə yetirdiyi təqdirdə onu alovlar diyarından xilas edəcək bir cüt qanada sahib ola biləcəkdi. Lakin bu, Günahkarın düşündüyü qədər də asan deyildi... Qızmar alovların hökm sürdüyü, yer üzündə Tanrının qəzəbinə tuş gələnlərin əbədi məhkum olduqları Cəhənnəmə bəlkə də yüz min illərdən sonra bir Baş mələk ayaq basmışdı. Əynindəki parlaq təmiz libası və yerdəki alovlara sürtündüyü halda, yanmayan nəhəng ağ qanadları ilə iblislərin və Günahkarların diqqətini çəkirdi bu mələk. Bütün iblislər əzab verdikləri Günahkarları unudaraq hər tərəfə işıq saçan Tanrının yaratdığı ən gözəl məxluqa tamaşa edirdilər. Cəhənnəm sakinləri arasında özündən razı bir şəkildə addımlayan Baş mələk heç nəyə fikir vermədən, içində zəncirlənmiş biri olan iri qəfəsə yaxınlaşdı. Barmağının kiçik bir hərəkəti ilə qəfəsin kilidli qapısı sona qədər açıldı. Bir neçə addımdan sonra onun qarşısında duran mələk, dözülməz işgəncələrə məruz qalmış Günahkara baxdı. “ Gözlərini aç.” – dedi mələk. Ancaq bunu etmək Günahkar üçün heç də asan deyildi. Yanıqlar içərisində olan bədənin ağrısına baxmayaraq mələyin üçüncü dəfə səslənməsindən sonra başını azacıq qaldırıb göz qapaqlarını çətinliklə açdı. Mələyin qarşısında özünü aciz göstərməməyə çalışan Günahkar gülümsədi. “ Bir mələyi təriflərə sığmayan, buradakı hər kəsin arzusu olan o möhtəşəm diyarından alovların qucağına gətirən səbəb nədir?” Mələk Günahkarın gözünə baxmaq üçün əsillik yağan əndamı ilə aşağı əyildi. “ Buradan xilas olmağın üçün sənə bir təklifim var.” “ Mən də heç kimin yadına düşmədiyimi zənn edib illərdir, burada oturaraq yalnızlığımın əzabını çəkirdim.” – söylədi Günahkar. “ Amma gəl, gör ki, hər kəsin həsəd apardığı bir mələk məni yadına salaraq yanıma gəlib, hələ bu azmış kimi bir sözləşmə də təklif edir. Görəsən, Günəş hansı tərəfdən çıxıb? Ah, əlbəttə, Cəhənnəmdə Günəş olmur.” Mələk Günahkarın sözlərini qulaqardı edərək əlavə etdi. “ Əgər razı olsan və verəcəyim işi yerinə yetirsən, səni, buradan xilas olmaq üçün…” – özündən ən azı üç dəfə böyük olan qanadlarını açdı. “ … bir cüt qanad sahibi edəcəm. Və yalnızca razı olduğunu dediyin anda şərtimi eşidə biləcəksən.” – bildirdi Baş mələk. “ İndi səndən soruşuram, sənə bu vədd etdiklərimin qarşılığında mənim sənə təklif edəcəyim sazişə razılıq verirsən? ” Günahkar işin nə olacağını düşünmək istəsə də, bunun heç bir əhəmiyyəti yox idi. Çünki təklif Günahkarın ürəyincə olmuşdu, nəhayət ki, yüz ilə yaxın bir müddətdə burada çəkdiyi bütün işgəncələrdən, əzablardan xilas ola bilmək üçün mələk qanadlarına sahib olacaqdı. Buna görə bütün ağrılarını bir qırağa ataraq başını xəfifcə tərpətdi. “ Səni eşidirəm.”

0 Şərh:

Yorum Gönder

Fikir bildirin....

 

Pulsuz Kitablar Published @ 2014 by Ipietoon